Latviya və yandırıb yaxan “Qarabağ şikəstəsi”

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri


May ayında Riqanın 74 nəfərlik simfonik orkestrinin müşayiəti ilə respublikanın xalq artisti Mənsum İbrahimovun muğam triosu ilə ifa etdiyi “Qarabağ şikəstəsi” mədəniyyət tariximizdə hadisəyə çevrildi. Mədəniyyət sahəsindəki dövlət siyasətinin əsas prinsip və vəzifələrindən biri mədəniyyətin inkişafına dair proqramları hazırlamaq və həyata keçirməkdir.

Baş tutmuş layihələrin heç də hamısı uğurlu olmasa da baş ucaldan layihələrimiz də olub və olmaqdadır. 2009-cu ildə muğam festivalı çərçivəsində 8 ay davam edən layihəni çoxları kimi mən də yaxından izləyərkən yaddaşımdan heç vaxt silinməyəcək bir hadisənin şahidi oldum. Avstraliyadan gəlmiş dörd turist qabaq cərgədə əyləşmişdi. Onların nəfəs çəkmədən necə maraqla muğamı dinləmələri tək məni deyil hər kəsin diqqətini cəlb etmişdi.

 

Konsertdən sonrakı söhbətdə məlum oldu ki, qonaqlar heç də muğam axşamına təsadüfi düşməmişdilər. Həmin gün əmin oldum ki, muğam bəşəri sərvətdir, onu qorumaq ən azı vətəndaş borcudur. Milli mədəniyyətimizin təbliği həmişə gündəmdə olan əsas prioritetlərdən olub və bu baxımdan keçmiş sovetlər dönəmində hər şeyin Moskvanın nəzarətində, az qala hər səslənəcək musiqi parçasının dönə-dönə ələkdən keçirilməsinə baxmayaraq, demək olar ki, bütün incəsənət xadimləri layiqincə təmsil ediblər. Əlimdən keçirdiyim 63 video material onu deməyə əsas verir ki, keçən əsrin 50-ci illərindən bu günə qədər Rəşid Behbudov, Zeynəb Xanlarova, Maestro Niyazi, Tahir Salahov, Səttar Bəhlulzadə, Şövkət Ələkbərova, Əminə Dilbazi, Bəxtiyar Vahabzadə və bir çoxları həm səhnə davranışları, həm də mədəniyyətimizin tarixində yaddaşlarda xoş iz buraxan işlər görüblər. O ənənə bu gün də davam edir. Müstəsna istedadı və geniş səs diapazonu, həmçinin səhnəmizdə hər kəsə örnək ola biləcək mədəniyyəti ilə seçilən xalq artisti Mənsum İbrahimov Riqa Filarmoniyasının müşayiəti ilə ifa etdiyi Qarabağ şikəstəsi, böyük məsuliyyətlə deyirəm ki, əsrlərin yaddaşından silinməyəcək və bir çox musiqişünasların tədqiqat obyekti olacaq. Bu ifa Azərbaycan milli mədəniyyətimizdə, sözün əsl mənasında HADİSƏ oldu. Uzun illərdir Qarabağ şikəstəsinə qulaq asa bilmirdim. Bu əsrarəngiz muğam səslənən kimi “Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” kəlmələri məni deşib yandırırdı və musiqinin xarakterində əzab-əziyyətdən doğan sevgi hissləri səni alıb aparırdı...Ancaq bu əzəmətli orkestr və M. İbrahimovun səsindəki o titrəyiş insanda inam yaradır...və bir də əzəmətli orkestrin müşayiəti sanki bizləri cəngə səsləyirdi....Mən bu səsin hər kəsin qəlbində torpaqlar işğaldan qurtaranacan hayqırmasını istəyirəm...

 

P.S. “Qarabağ şikəstəsi”nin qəribə taleyi var. Bu möhtəşəm muğamı Xan Şuşinski məhz Riqa səsyazma studiyasında lentə almışdı...