Xalq artisti Mənsum İbrahimovun mahnıları satışa çıxarılacaq

Xalq artisti Mənsum İbrahimovun mahnıları satışa çıxarılacaq. Xalq artistinin ANS PRESS-ə verdiyi məlumata görə, rəhbərlik etdiyi "Qarabağ" triosu 26-31 oktyabr tarixlərində Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Womex The World Music Exno" festivalına qatılacaq. "Womex The World Music Exno" festivalı daha çox dünya etnik musiqilərinin sərgisi xarakteri daşıyır. İldə bir dəfə təşkil olunan bu sərgi-festivala bütün dünyadan konsert təşkilatçıları, prodüserlər, yəni konsert alıcıları gələcək. Festivalda çıxış edəcək hər ölkənin iştirakçısı haqqında kataloqlar çap olunub və iştirakçıya həsr olunmuş sayt açılıb. Festivalın rəsmi internet saytında (womex.com) musiqiçilər haqqında məlumatlar, lent yazıları, musiqiləri və eyni zamanda reklam çarxı yerləşdirilib. Muğam ifaçısı dünya xalqlarının etnik musiqi festivalına Hollandiyada yaşayan Natəvan adlı menecer vasitəsilə qatıldığını deyib: "Son illər xarici ölkələrdə "Qarabağ" triosu adı altında çıxış edirəm. Bizim ifalarımız olan material Hollandiyada yaşayan Natəvan adlı menecerimiz tərəfindən bu sərgi-festivala təqdim olunub. Bu yaxınlarda bizə dəvət məktubu gəldi. 29 oktyabrda mənim çıxışımdır. Azərbaycana 45 dəqiqə vaxt ayrılıb. Festivalda məni həmişə olduğu kimi əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) müşaiyət edəcək. Bu dəfə isə tərkibimizə daha iki musiqiçi əlavə etmişik - əməkdar artist Nizami Allahverdiyev (balaban) və Kamran Kərimovla (nağara). Bir sözlə triomuz beş nəfərdən ibarət olacaq." Mənsum İbrahimovun "Womex The World Music Exno" festivalındakı konsert proqramının prodüseri tanınmış teleaparıcı Emin Musəvidir. O, Azərbaycan musiqiçilərinin çıxışından əvvəl Azərbaycan haqqında və "Qarabağ" triosu haqqında 5 dəqiqəlik ingilis dilində çıxış edəcək. M.İbrahimov Danimarkadan daha bir məktub aldıqlarını bildirib: "İkinci aldığımız məktubda mənim festivalda çıxışımın lentə alınaraq radioda yayımlanmasına icazə istədilər. Təbii ki, qonorar müqabilində. Azərbaycan tərəfindən müəllif hüquqları haqqında sənədi onlara göndərməklə musiqi yayımlandıqca, qonorar hesabımıza köçürüləcək." Müğənninin sözlərinə görə, Danimarka səfərlərindən internet vasitəsilə bütün dünya azərbaycanlıları xəbər tutub: “Festivaldan sonra Azərbaycan diasporası qarşısında çıxış edəcəyik. Hətta Almaniyadan çoxlu məktublar alırıq. Bizi Almaniyaya dəvət edirlər və həmyerlilərimiz qarşısında çıxış etməyimizi istəyirlər. Bu qədər yolu gediriksə, niyə də olmasın? 30 oktyabrda Kopenhagendə solo konsertimiz olacaq. Konsert sırf Avropa ölkələrində yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Biz həm əzizlərimizlə görüşəcəyik, həm də konsert verəcəyik”.