Mənsum İbrahimov “Qarabağ” triosu ilə birgə Danimarkaya gedir

Mənsum İbrahimov “Qarabağ” triosu ilə birgə Danimarkaya gedir.

Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov və onun rəhbərlik etdiyi “Qarabağ” triosu oktyabrın 26-dan 30-a qədər Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Womex The World Music Expo” festivalında iştirak edəcək.

Səfər barədə Lent.az-a məlumat verən sənətçi bildirib ki, bu festival daha çox dünya etnik musiqilərinin sərgisi xarakteri daşıyır. 11-ci dəfədir, təşkil olunan bu sərgi-festivala bütün dünyadan konsert təşkilatçıları, prodüserləri gəlir. Azərbaycan isə ilk dəfə qatılır. Festivalda xanəndəni həmişə olduğu kimi əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) müşayiət edəcək: “Bu dəfə tərkibimizə daha iki musiqiçi əlavə etmişik - əməkdar artist Nizami Allahverdiyev (balaban) və Kamran Kərimov (nağara). Biz ayın 27-si yola düşəcəyik. Çıxışımız isə oktyabrın 29-u olacaq. Azərbaycana 45 dəqiqə vaxt ayrılıb. Festivaldan sonra Azərbaycan diasporu qarşısında çıxış edəcəyik. Oktyabrın 30-da “Vətən” cəmiyyətinin təşkilatçılığı ilə Avropada yaşayan həmyerlilərimiz üçün konsert verəcəyik”.

Mənsum İbrahimovun festivaldakı konsert proqramının prodüseri tanınmış teleaparıcı Emin Musəvidir. O, musiqiçilərimizin çıxışından öncə səhnəyə çıxaraq Azərbaycan, onun muğamı, mədəniyyəti və “Qarabağ” triosu haqqında 5 dəqiqəlik ingilis dilində çıxış edəcək.

Xanəndə deyib ki, hazırda sərgi təşkilatçıları tərəfindən CD hazırlanır. CD-də hər ölkə təmsilçilərinin ifaları toplanacaq və sərgi iştirakçılarına paylanacaq. Albomda Azərbaycanın “Qarabağ triosu”nun ifasında “Qarabağ şikəstəsi” yer alacaq. Bundan başqa sənətçilərimizin festivaldakı çıxışı yerli radiolardan biri tərəfindən canlı şəkildə lentə alınacaq: “Bu yaxınlarda bizə müraciət olundu. Mənim festivalda çıxışımın lentə alınaraq radioda yayımlanmasına icazə istədilər. Təbii ki, qonorar müqabilində. Konsert canlı şəkildə lentə alınacaq, sonra da efirə veriləcək. Qonorarı isə hesabımıza köçürüləcək”.